“Kənd Təsərrüfatı Nazirliyi digər qurumlar kimi öz fəaliyyətini hərbi vəziyyətə uyğun şəkildə təşkil edib. Çünki, istər müharibə şəraitində, istər dinc dövrdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifəsidir. Nazirlik təqvim planına uyğun olaraq fəaliyyətini davam etdirir”.
Bu fikirləri hafta.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov vurğulayıb.
KTN sözçüsü həmçinin müharibə dövründə ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı hər hansı risklərin müzakirə mövzusu olmadığını da deyib: “Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi olaraq bildirirəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir risk yoxdur, olmayacaq. Bunu tam əminliklə deyirəm. Ona görə əminəm ki, arxa cəbhədə insanlar ikiqat məsuliyyətlə çalışırlar. Fermerlərimiz dərk edirlər ki, ön cəbhə qədər arxa cəbhə də önəmlidir. Bu baxımdan arxa cəbhədə böyük ruh yüksəkliyi ilə fəaliyyətlərini davam etdirirlər”.
Hazırda ölkə ərazisində payızlıq əkin sahələrinin şumlanmasının həyata keçirildiyini vurğulayan qurum rəsmisi bu prosesin qrafikə uyğun aparıdığını bildirib: “Hazırda ölkədə bununla bərabər pambıq yığımı aparılıb. Bütün işlər nazirliyin nəzarətindədir. Ölkə üzrə demək olar ki, şum işinin çox hissəsi həyata keçirilib. Hətta elə dağlıq və dağətəyi ərazilər var ki, həmin yerlərdə səpin işləri də yekunlaşıb”.
V.Hüseynov habelə qeyd edib ki, hazırda nazirliyin əməkdaşları fermerləri payız əkini üçün bəyanların təqdim edilməsi istiqamətində maarifləndirmək məqsədilə regionlara ezam olunublar: “Hazırda həm də əkin üçün bəyanların təqdim edilməsi vaxtıdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi fermerlərin 2020-2021-ci il payız əkinləri üzrə subsidiyalarının vaxtında verilməsi üçün onların əkin bəyanlarını tez və doğru təqdim etmələri üçün rayonlarda fermerlər arasında maarifləndirmə aparır. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir. Onu da əlavə edim ki, səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur. Bu xidmət çərçivəsində fermerlərə apardıqları əkinlər barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən bəyanın vaxtında və doğru təqdim edilməsinin vacibliyi bildirilir. EKTİS-də qeydiyyatdan keçmək qaydası, qeydiyyatı olanlara əkin bəyanı etmək, bəyan üçün lazım olan addımlar ətraflı izah edilir”.
Xatırladaq ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür. Payız əkinləri üçün bəyanlar ilin sonunadək davam edəcək.